Mənzil bazarında vəziyyət necədir?
Mənzil bazarında vəziyyət bir neçə amil üzrə qiymətləndirilə bilər. Qiymət dəyişmələrinə baxaraq mənzil bazarı barədə biz müəyyən nəticələr çıxarda bilərik.
Aşağıdakı şəkildə ilkin və təkrar mənzil bazarında (baza dövrü 2010-cu il olmaqla) qiymət indeksləri təsvir edilib. Bu statistika üzrə ən son (2018-ci ilin birinci rübü) göstərici ilkin və təkrar bazar üçün müvafiq olaraq 138.5 və 110.1 olub. Bu rəqəmlər nə deməkdir? 138.5 o deməkdir ki, ilkin mənzil bazarının 2018-ci ilin birinci rübündəki qiymətləri 2010-cu ilin qiymətlərindən 38.5 faiz yüksəkdir. Həmçinin, 2018-ci ilin birinci rübündə təkrar mənzil bazarı qiymətləri 2010-cu ilin qiymətləri ilə müqayisədə 10.1 faiz daha yüksəkdir.
Ancaq, şəkildən həmçinin aydın olur ki, mənzil bazarında son zamanlar müəyyən durğunluq hökm sürür. Ən azı bunu 2016-cı ildən başlayaraq qiymətlərin dəyişməməsi ilə müşahidə edə bilərik. Bunun əsas səbəbi kimi böyük ehtimalla 2015-ci ildə baş verən devalivasiya ilə əlaqələndirə bilərik. O dövrdən başlayaraq real alıcılıq qabiliyyətinin düşməsi mənzil bazarına mənfi təsir göstərib.